Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülüb, bizə gəlib çatmışdır.

Xalq arasında çox sevilən, bütün yaş nəsillərinə mənsub insanlar, xüsusilə uşaqlar tərəfindən asan qavranılan mahnıların karaoke oxunması qeyri-adi təsir gücünə malik olub, insanlara estetik zövq aşılayaraq, onların mənəviyyatının zənginləşdirilməsinə xidmət edir.



<<< Mahnıların mətni


<<< Əsas səhifə



Sarı Aşıq

"Bayatılar"

 

Aşıq vətən yaxşıdı,

Köynək kətan yaxşıdı.

Qəriblik cənnət olsa,

Yenə vətən yaxşıdı.

Aşıq Qarabağlıdı,

Xalın qara bağlıdı.

Nə gedən var, nə gələn,

Yollar qara bağlıdı.

Aşıq kəncəli dağlar,

Dibi yoncalı dağlar.

Yarından ayrı düşən

Haçax dincəli, dağlar?

Aşıq günlər uzunu,

Tel sünbüllər uzunu.

Çəkərəm yar həsrətin

Aylar, illər uzunu,

Zülfün suda mar1 kimi,

Oynar su damar kimi.

Sızıldatdın Aşığı

Yağa su damar kimi.

 

 

Mən Aşığam qanlı gül,

Qanlı çiçək, qanlı gül.

Yeyib bülbül bağrını

Çıxıb ağzı qanlı gül.

Aşıq Qaramanlıdı,

Xalı qaramanlıdı.

Yarın soyuq üzündən

Yenə qar amanlıdı.

Aşığı tərsinə qoy,

Tər təni tər sinə qoy.

Yaxşını qibləsinə,

Aşığı tərsinə qoy.

Mən Aşığam gül əllər,

Ağ biləklər, gül əllər,

Dəryaca ağlın ola

Yoxsul olsan güləllər

Gözəllik soy iləndi,

Şahmar da soy ilandı.

Nəsimi tək yolunda

Bu Aşıq soyulandı.

Mənzurumuz2 yenə sən,

Səfa gəldin yenə sən:

Fikrim, zikrim, xəyalım

Sən, sən, sən, sən - yenə sən

_____________________

1. Mar - ilan

2. Mənzur - baxılan, nəzər salınan



| Mahnının videosu |