Molla Pənah Vaqif
"Müxəmməs "
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim,
Aşinalar1 ixtilatında2 sədaqət görmədim,
Biətü iqrarü3 imanü dəyanət görmədim,
Bivəfadan lacərəm4 təhsili-hacət görmədim.
Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari5-qəmü dərdü fəraq6,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq7,
Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,
Gizbü böhtandan səvayı bir hekayət görmədim.
Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngü8 cədə9,
Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə10 əməl,
Bəndələrdə simü, bəylərdə ədalət görmədim.
Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şadiman,
O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,
Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.
Alimü cahil, müridü11 mürşidü12 şagirdü pir,
Nəfsi-əmmarə13 əlindən sərbəsər olmuş əsir,
Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir14,
Şeyxlər şəyyad15, abidlər abusən qəmtərir,
Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.
Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,
Kimi təxti, kimi taci, kimi əfsər istədi,
Padişahlar dəmbədəm təsxiri16-kişvər17 istədi,
Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi,
Heç birində aqibət, bir zövqü rahət görmədim.
Mən özüm çox kuzəkarı18 kimyagər eylədim,
Sikkələndirdim qübari-tirəni zər eylədim,
Qara daşı döndərib yaquti-əhmər19 eylədim,
Daneyi-xərmöhrəni dürrə bərabər eylədim,
Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.
Müxtəsər kim, belə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər,
Alilər xaki20-məzəllətdə21, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə ehkamü ləyaqət görmədim.
Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyf kim, bir mahi-rüxsarə nigah,
Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,
Vaqifə, ya rəbbanə, öz lütfünü eylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.
________________________
1. Aşina-xəbərdar olan, tanış,dost,aşna
2. İxtilat - ünsiyyət, söhbət, görüşmək, yaxın əlaqə, məclis
3. İqrar-qərarlaşdırmaq, təsdiq etmə. Etiraf
4. Lacərəm - şübhəsiz, əlbətdə. Nəhayət lazımdır.
5. Giriftar - tutulmuş, dustaq, əsir
6. Fəraq - ayrılıq, hicran. Tərk etmə. Asudəlik, istirahət
7. İştiyaq - arzu etmə, istəmə, qızğın həvəs.
8. Cəng - müharibə.
9. Cədəl - çəkişmə.
10. Müqtəda - təqlid edilən. Rəhbər, başçı.
11. Mürid - şagird, şeyxin, təriqət başçısının ardınca gedən.
12. Mürşid - təriqət başçısı, doğru yola çağıran.
13. Nəfsi-əmmarə -əmredici nəfs. İnsanın pis əməlləri.
14. Cürmi-kəbir -cümr: günah, təqsir, kəbir: böyük.
15. Şəyyad, - fırıldaqçı
16. Təsxiri- zəbt etmə, işğal. Məftun etmə.
17. Kişvər -ölkə, məmləkət, vilayət.
18. Kuzəkar - kuzə qayıran, saxsı qablar düzəldən.
19. Əhmər - qırmızı.
20. Xak- torpaq
21. Məzəllət - zillət.
| Mahnının videosu |