Abasqulu Ağa Bakıxanov Qüdsi
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi -xumarım bu gecə.
Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş saqiyi -yarım bu gecə!
Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var,
Almasaydı əgər o səbrü qərarım bu gecə.
Üzünü yad eləyib gözlərimə axdı qanın,
Batinü1 zahir olub güllü baharım bu gecə.
Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
Nə qiyamət eyləyir laləüzarım bu gecə
Kuyinə2 düşmək üçün sinəmi yırtmış könlüm,
O çəmənzarı dilər bülbüli- zarım bu gecə.
Kakilindən3 hələ mən bircə dügün açmamışam,
Tökülür, Qudsi, qələmdən nəki varım bu gecə.
__________________________________
1. Batin- daxil, iç, gizli, görünməyən
2. Kuy - küçə, məhəllə.
3. Kakil - saç, kəkil.
| Mahnının videosu |