Mirzə Ələkbər Sair
Daş qəlbli insanları neylərdin, ilahi?!
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil1,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış,
Bilməm belə dövranları neylərdin, ilahi?!
Məzlumların göz yaşı dərya olacaqmış,
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət,
Dildadeyi-irfanları2 neylərdin, ilahi?!
Surtuqlu müsəlmanları təkfirə3 qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi!?
Yaxud, buların bunca nüfuzu olacaqmış,
Beş-üç bu süxəndanları4 neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımız iş bacarırkən,
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş,
Evlərdəki nisvanları5 neylərdin, ilahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Sübhanəkə6,sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..
__________________________________
1. mütəhəmmil - dözən.
2. dildadeyi-irfan - irfana, elmə könül vermişlər.
3. təkfir - kafirlikdə təqsindirmə.
4. süxəndan - söz u1093ustası, yaxşı danışan. Şair.
5. nisvan - qadınlar.
6. sübhanəkə - əhsən sənə, alqış sənə.
| Mahnının videosu |