<<< Əsas səhifə

english russian chinese spanish french japanese german farsi turkish arabik


İDEYANIN MÜƏLLİFİ VƏ ELMİ REDAKTORDAN

Müasir dövrdə mənəvi mədəniyyət milli özünüdərkin vasitələrindən biri olub, insanın harmonik inkişafı və tərbiyəsinin əsas mənbəri kimi çıxış edir. Bu mənada onun qorunması, bərpası, zənginləşdirilməsi və yenidən mənalandırılması olduqca vacibdir.

Bu gün dünya məkanında baş verən ictimai cəmiyyətin qloballaşması və inteqrasiyası prosesləri ona gətirib çıxarmışdır ki, insanlar öz simalarını, tarixi-mədəni köklərini itirirlər.

Bunun üçün qloballaşma və antiqloballaşma problemlərinin dərinliyinə varmaq vacib deyil, sivilizasiyanın sabit inkişafı yalnız mədəni rəngarəngliyin qorunması şəraitində mümkündür. Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir demokratik Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur.

Lakin maddi və mənəvi dəlil kimi tarixi abidələrdə təcəssümünü tapmış bütün bu mədəni təbəqələrin rəngarəngliyi və mozaikliyi ilə yanaşı, Azərbaycanın çiçəklənməsi fenomeni onun etnogenezi ilə, bədii yaradıcılığın ən müxtəlif sahələrində ecazkar incilər yaradan xalqla bağlıdır.

Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək, görərik ki, respublikamızın əhalisinin 90% -ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Onların arasında Altay ailəsinin türk qoluna məxsus (azərbaycanlılar, tatarlar, mesxeti türkləri), həmçinin, hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.

Müasir Azərbaycan polietnik dövlətdir və respublikanın rəhbərliyinin yürütdüyü siyasətin əsas məsələlərindən biri dövlətin polietnik kütləsinin – ölkənin mədəni genofondunun özəyinin qorunub saxlanılmasından ibarətdir ki, bu da özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, maddi mədəniyyəti, adət və ənənələrinini, mənəviyyatını və ənənəvi tərbitə sistemini cəmləşdirir.

Azərbaycanda özünəməxsus "etnik intibah" Azərbaycan Respublikasının Prezidenti Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilə aid sərəncamından sonra başlamışdır.

Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları təsbit edilir. Bu sərəncamın uğurla həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, yeni Azərbaycanın vətəndaşlarının bugünkü şüurunda üç komponentin vəhdəti kök salmışdır: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), öz milli ənənələrinə və öz xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir.

Eyni zamanda, onların çoxmillətli Azərbaycan cəmiyyətinə və nəhayət, dünya birliyinə mənsubiyyət hüququnun təsdiqi, təkcə öz xalqının və çoxmillətli ölkəsinin taleyi üçün deyil, həmçinin bütün dünyanın taleyinə görə məsuliyyət hissini aşılayır.

Dünyada elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişaf etdirilməsi problemi ilə qarşılaşmasın. Məlumdur ki, ümumi məqsəd insanları birləşdirir. Əsas vəzifə - biliklərin zənginləşdirilməsi, millətin və onun mədəniyyətinin qorunmasından, əvvəlki nəsillər tərəfindən qorunub saxlanılan biliklərin gələcək nəsillərə ötürülməsindən ibarətdir.

Azərbaycanda yaşayan xalqlarının rəngarəng musiqi folkloru - əsrlərin dərinliyindən gələn zəngin mənəvi xəzinədir. Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan musiqi folklorşünaslığı elmi əsl xalq musiqi nümunələrinin öyrənilməsi işində zəngin təcrübə əldə etmişdir. Lakin respublikada milli azlıqların xalq musiqisinin toplanılması, öyrənilməsi və geniş təbliği üzrə fəal və məqsədyönlü iş yalnız son illərdə başlanılmışdır.

Təqdim olunan «Azərbaycan xalq mahnıları və respublikada yaşayan azsaylı xalqların mahnıları» kitabı - 2011-ci ilin yay ayları ərzində «Musiqi Dünyası» jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun başçılığı ilə jurnalın yaradıcı qrupu və Ü.Hacıbəyli adına adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti tərəfindən respublikanın müxtəlif bölgələrində keçirilmiş sahə araşdırmalarının bəhrələri olub, respublikada yaşayan azsaylı xalqların mahnı folklorunun toplanması, sistemləşdirilməsi, geniş təbliği və audioyazıya alınması məqsədini daşıyır.

Azərbaycan xalqı, yuxarıda qeyd edildiyi kimi, respublika cəmiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir.

Bu layihədə onlardan yalnız bir neçə etnos təqdim olunmuşdur (cəmi 16). Hazırkı topluya daxil edilmiş parlaq səciyyəli xalq mahnıları respublikamızda indiyə qədər yaşadılan etnik folklor musiqisinin janr rəngarəngliyini əks etdirir.

Yaradıcı qrup Azərbaycanın kənd məntəqələrində yığcam halda yaşayan xalqların autentik folkloruna – mərasim, mövsüm və əmək nəğmələrinə, layla və ağılara xüsusi diqqət yetirmişdir. Bununla yanaşı, ənənəvi folklor irsinin şəhər mühitində mövcudiyyəti və yeniləşməsi də nəzərdən qaçırılmamışdır: tatar və ya ləzgi xalq musiqi nümunələri buna bariz misaldır. Ümumiyyətlə, bu layihə aktual mülki-hüqüqi, ekoloji-maarifləndirmə, ictimai-tədris, mədəni-tərbiyəvi, tarixi-etnoqrafik elmi problemlərin həllinə yönəldilmişdir.

Bütün bu problemlər unikal nümunələrin – Azərbaycanın musiqi folklorunun artefaktlarının toplanması, qorunması və elektron multimedia rabitə vasitələrilə bəşəriyyətin gələcək nəsillərinə ötürülməsi ilə bağlıdır.

Təqdim olunan nəşr:

- Azərbaycanın ənənəvi musiqi mədəniyyətinin infrastrukturu haqqında bilikləri genişləndirir;

- Dünyanın müxtəlif guşələrində yaşayan insanları Azərbaycanın etnik musiqi landşaftı ilə tanış edir;

- Ziyalıların və tələbə gənclərin humanitar tədrisinə və biliklərinin zənginləşdirilməsinə imkan yaradır;

- Azərbaycanın ənənəvi musiqisini sənədləşdirir;

- Həm yerli əhali, həm də turistlər tərəfindən təbii və mədəni sərvətlərin qorunması ilə bağlı qayğının yüksəlməsinə səbəb olur;

- Ənənəvi musiqi mədəniyyətini onların movcud olduğu zonalarda qoruyur;

- Ekoturizm sahəsində menecment, monitorinq texnikası və metodlarını inkişaf etdirir;

- Azərbaycan xalqının köklü ənənəvi musiqi mədəniyyəti üzərində müəlliflik hüququnu möhkəmləndirir.

Layihə insan haqlarına dair beynəlxalq – hüquqi aktlara və milli azlıqların qorunmasına dair çərçivə konvensiyasına əsaslanır; UNESCO-nun 32-ci sessiyasında (2003-cü il) qəbul olunmuş beynəlxalq konvensiyanın müddəalarında öz əksini tapmış qeyri – maddi mədəni irsin mədəniyyətin rəngarəngliyinin qaynaqları və sabit inkişafının təminatçısı kimi əhəmiyyətinə diqqət yetirir;

Beynəlxalq intellektual mülkiyyət təşkilatının 1998-ci ildən başlayaraq, intellektual mülkiyyət sahəsində yeni istiqamətin – ənənəvi biliklərin qorunması probleminin irəli sürülməsində təşəbbüslərini nəzərə alır;

Azərbaycan Respublikasının Konstitusiyasını, «Müəllifik hüququ və əlaqəli hüquqlar haqqında» və «Folklor ifadəsinin hüquqi qorunmasına dair» Azərbaycan Respublikasının Qanunlarını qəbul edir.

Azərbaycanın etnomusiqi mədəniyyətinə həsr olunmuş elektron nəşrin tərtibində və çap olunmasında: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin şəhər və rayon mədəniyyət idarələri, Azərbaycan ərazisində yaşayan azsaylı xalqların respublika cəmiyyətləri, «Musiqi Dünyası» elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçilik jurnalı iştirak etmişdir.

Biz layihənin bütün iştirakçılarına, o cümlədən, xalq musiqiçilərinə, etnik musiqi yaddaşının qoruyuçularına, Azərbaycanın ənənəvi folklorunun daşıyıcılarına, respublikanın regionlarının, şəhər və kəndlərinin əhalisinə səmimi minnətdarlığımızı və ehtiramımızı bildiririk.

Professor, Tariyel MƏMMƏDOV