<<< Əsas səhifə

english

russian

spanish

french

german

farsi

turkish

arabik


İDEYANIN MÜƏLLİFİ VƏ ELMİ REDAKTORDAN

Məlumdur ki, qədim dövrlərdən musiqi və mahnı oxumaq bir çox xalqların, o cümlədən, Azərbaycan xalqının mədəniyyətinin əhəmiyyətli hissəsi olmuşdur.

İnsanlar məişət şəraitində və istirahət zamanı bir yerə yığışaraq, müxtəlif musiqi alətlərinin müşayiəti ilə mahnılar oxuyurdular. Bu günə kimi mahnı oxumaq bir çox xalqların ən sevimli əyləncə vasitəsi olaraq qalır.

Mahnı oxumaq müxtəlif fəaliyyət növləri ilə məşğul olan və müxtəlif intellektual səviyyəyə malik insanları birləşdirir. Bizim günlərdə, səsyazma avadanlıqlarının və informasiya texnologiyalarının geniş inkişafı dövründə müxtəlif millətlərdən olan insanlar karaoke oxunmasını çox asanlıqla mənimsəyirlər.

Təqdim olunan kompleks nəşr yeni nəsillər üçün nəzərdə tutulan, müasir texnologiyalar əsasında hazırlanmış interaktiv dərs vəsaitidir. DVD-diskdən və lazımi izahatlar verilmiş kitabçadan ibarət olan bu dərs vəsaitinin əsas məqsədini Azərbaycan bəstəkarlarının populyar mahnılarının karaoke vasitəsilə oxunaraq mənimsənilməsi təşkil edir.

Tədris prosesində müasir informasiya texnologiyalarının istifadəsini nəzərdə tutan bu nəşr məktəblərdə musiqi təhsilinin səviyyəsinin yüksəldilməsinə, ümumilikdə respublikada musiqi maarifçiliyinin çərçivələrinin genişləndirilməsinə xidmət edir.

Karaoke oxumaq estetik zövqü inkişaf etdirir, xalqın sərvətlərinə qayğıkeş münasibəti formalaşdırır, həmçinin, gənclərin milli şüurunu, vətənpərvərlik hisslərini yüksəldir.

Bu da Azərbaycan xalqının qeyri-maddi irsinin qorunması yollarından biridir. Müasir dünyada xalqların qloballaşması dövründə karaoke oxunması ümumbəşəri əhəmiyyət kəsb edir və bu dərs vəsaiti Azərbaycan musiqisinin, onun mahnı mədəniyyətinin Azərbaycanla maraqlanan müxtəlif millətlər arasında təbliğatı ilə bağlı olub, Azərbaycan dilinin öyrənilməsi üçün əvəzolunmaz vasitələrdən biridir.

Karaoke - mahnı ifaçılığında yeni bir təmayüldür. Texniki cəhətdən karaoke - hər hansı populyar mahnının fonoqram altında oxunmasına əsaslanır ki, bu da kompüterin monitorunda və ya televiziya ekranında mahnının mətnindəki sözlərin musiqinin ritminə uyğun olaraq işıqlandırılması ilə müşayiət olunur.

Təqdim olunan DVD-disk məhz həmin prinsiplə hazırlanmışdır. Bu dərs vəsaitinə Azərbaycanın görkəmli bəstəkarlarının - Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Səid Rüstəmovun, Tofiq Quliyevin, Əfrasiyab Bədəlbəylinin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Rauf Hacıyevin və başqalarının geniş yayılmış 50 mahnısı daxil olunmuşdur ki, onlar bu dərs vəsaitinin köməyi ilə müxtəlif yaş həddinə malik insanlar, xüsusilə gənclər tərəfindən asanlıqla mənimsənilə bilər.

Təqdim olunmuş kompleks nəşr - müasir texnologiyalar vasitəsilə mahnı yaradıcılığının tədris prosesinə daxil edilməsi baxımından ikinci təşəbbüsdür (birinci dəfə belə bir nəşr 2010-cu ildə həyata keçirilmişdir: "Karaoke. Azərbaycan xalq mahnıları və klassik romansları").

Burada da mahnıların öyrənilməsində bir neçə yol təqdim olunur:

1.Karaoke mətn, musiqi və vokal müşayiətilə;

2.Karaoke mətn və musiqi ilə, vokalın müşayiəti olmadan.

Beləliklə, eyni vaxtda mahnının və ya romansın musiqisini eşitmək, mətnini görmək və notlarını izləmək onu daha dərindən qavramağa və asanlıqla yadda saxlağa kömək edir və sonradan karaoke oxuma zamanı daha sərbəst davranmağa şərait yaradır. Müasir populyar mahnılar tanınmış müğənnilərin - Müslüm Maqomayevin, Lütfiyar İmanovun, Azər Zeynalovun, İlhamə Quliyevanın, Ağadadaş Ağayevin, "Qaya" vokal kvartetinin və b. ifasında təqdim olunur.

Dərs vəsaitinin istifadəçiləri üçün bu, çox nadir bir şans olub, tanıdıqları peşəkar müğənnilərlə "birlikdə" oxuyaraq, onların ifaçılıq maneralarını izləyərək, təcrübə qazanmaq imkanı yaradır. Bu, çox maraqlı və öz mahiyyətinə görə qeyri-adi bir tədris prosesi olub, şagirdin yaradıcılıq potensialının fəallaşmasına inkan verir, gənclərin musiqi ifaçılığına marağını və bədii zövqünü formalaşdırır, ifaçılığa məsuliyyətin artmasını təmin edir.

Milli musiqinin ən gözəl nümunələrinin karaoke oxunması insanların şüuruna və qəlbinə qeyri-adi emosional təsir gücünə malik olaraq, gənc nəslin təlim-tərbiyəsində, bədii zövqünün inkişafında və mənəviyyatının zənginləşməsində, eləcə də Azərbaycan musiqi mədəniyyətinin dünyada təbliğində mühüm rol oynayır.

Professor, Tariyel MƏMMƏDOV