<<< Əsas səhifə

english

russian

spanish

french

german

farsi

arabik



İDEYANIN MÜƏLLİFİ VƏ ELMİ REDAKTORDAN

Qədim dövrlərdən insanların ən çox sevdikləri əyləncələrdən biri asudə vaxtlarında bir yerə yığışaraq, mahnı oxumaqdan ibarət olmuşdur.

Əgər texniki vasitələrin olmadığı keçmiş zamanlarda birgə mahnı oxumaq insanların bir-birilə ünsiyyətini təmin edirdisə, bu gün texnikanın inkişafı dövründə, radio və televiziyanın həyatımızda böyük yer tutmasına baxmayaraq, birlikdə yığışaraq mahnı oxumaq adəti yenə də öz əhəmiyyətini itirməmişdir, lakin bu zaman artıq mahnıların karaoke oxunmasına daha çox önəm verilir.

Həqiqətən də, bizim zəmanəmizdə insanların, xüsusilə də gənclərin toplaşaraq, populyar mahnıları u1090 tanınmış ifaçıların fonoqram müşayiəti altında oxuması sevimli əyləncə növlərindən birinə çevrilmişdir və getdikcə daha ciddi bir şəkil alaraq, onun təhsil prosesinə də daxil olunmasını aktuallaşdırmışdır. Karaoke oxuması nə deməkdir?

"Karaoke" - yapon dilində iki sözün birləşməsindən əmələ gələn bir ifadədir: "kara" ("karappo" sözündən) - "boş" mənasını, "oke" ("okesutura" sözündən) - "orkestr" mənasını verir. Faktiki olaraq, "karaoke" - "boş orkestr" deməkdir ki, bu da səsyazısında yalnız müşayiətin olduğunu bildirir, vokal isə canlı olaraq oxunur.

1970-ci illərdə məhz Yaponiyada meydana gələn karaoke oxuması hal-hazırda bütün dünyada geniş yayılmış, bu söz bütün lüğətlərə daxil olunmuşdur. Ən müxtəlif peşə sahiblərinin, ən müxtəlif zövqə malik olan insanların xüsusi ictimai yerlərdə bir araya gələrək, fonoqram altında canlı oxuması üçün şəraitin yaranması insanların asudə vaxtını daha da mənalı etmişdir.

Beləliklə də mahnı ifaçılığında yeni bir təmayül - karaoke oxuması yaranaraq, həyatımızda möhkəm yer tutmuşdur. Azərbaycan xalq mahnılarının karaoke oxunmasının tədris prosesinə daxil olunması bilavasitə gənclərin musiqi zövqünün yüksəldilməsinə istiqamətlənmişdir.

"Musiqi" fənnində Azərbaycan xalq mahnılarının karaoke oxunmasından ibarət DVD diskin və kitabçanın nəşri müasir dövrdə musiqi təhsili prosesində informasiya texnologiyalarının tətbiqinə əsaslanan ilk təcrübədir.

Ümumtəhsil məktəblərində tədris olunan "Musiqi" fənnində xalq mahnılarının karaoke oxunması böyük əhəmiyyətə malikdir. Bu, həm artıq kiçik yaşlarından insanları xalq yaradıcılığının zənginliyinə alışdırır, həm sahibi olduğumuz bu xəzinəyə görə qürur hissi aşılayır, həm də mənəvi, estetik, etik mahiyyət daşıyaraq, gənc nəslin vətənpərvərlik hisslərini qüvvətləndirir.

Vaxtilə Üzeyir Hacıbəyli deyirdi ki, xalq mahnılarımız "bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik".

Dahi bəstəkarımız öz fikrində haqlı idi, çünki o, özü də əsərlərində xalq mahnılarına əsaslanırdı, bəstəkarlara da xalq mahnılarından yaradıcılıqla bəhrələnməyi tövsiyə edirdi.

Ü.Hacıbəyli yazırdı: "El mahnıları Azərbaycan xalqının əhval- ruhiyyəsini şərh, zövq musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti çox böyükdür".

Bu baxımdan o, təhsil prosesində də xalq mahnılarının tələbələrə öyrədilməsinin əhəmiyyətini yüksək dəyərləndirirdi. Məlum olduğu kimi, Azərbaycan xalq mahnıları xalqın dünyagörüşünün, mədəniyyətinin, tarixinin, mənəvi aləminin təcəssümüdür. Uzun əsrlər boyu xalqın həyat tərzinin müxtəlif tərəflərini əks etdirən mahnıların rəngarəng növləri yaranmışdır.

Müxtəlif məzmunlu mərasim mahnıları, əmək mahnıları, məişət mahnıları, laylalar, uşaq mahnıları, lirik mahnılar, tarixi-qəhrəmani mahnılar bizə gəlib çatmışdır. Bütün bunlar nəsil-nəsil xalqın daxilində, onun duyğularının, hissiyyatının ifadəsi kimi meydana gələn mahnılar olub, kütlələr arasında ağızdan-ağıza keçərək yaşamış, yaddaşlarda qorunmuşdur.

Yeni nəsillər tərəfindən mənimsənilən və sevilərək ifa olunan xalq mahnıları irsi bu gün də şifahi ənənəli musiqi yaradıcılığının əsasını təşkil edir. Bu qiymətli xəzinənin qorunması yalnız onun yaddaşlardan nota salınması, texniki vasitələrlə qrammofon vallarına, CD-disklərə yazılması və informasiya daşıyıcılarına yerləşdirilməsi sayəsində mümkündür ki, bu da XX əsrdən həyata keçirilməyə başlamışdır. İlk dəfə olaraq, xalq mahnılarının nota yazılması ilə Azərbaycanın böyük bəstəkarları Üzeyir Hacıbəyli, Müslüm Maqomayev məşğul olmuş, daha sonra isə Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov və digər bəstəkar və musiqişünaslar bu işi davam etdirmişlər.

Onlar həm respublikanın ayrı-ayrı rayonlarından, həm də bir sıra görkəmli xanəndələrin - Cabbar Qaryağdıoğlunun, Zülfi Adıgözəlovun, Bülbülün və başqalarının ifasından çoxlu sayda xalq mahnılarını toplayaraq, nota salmışlar ki, həmin məcmuələr bu gün də tədris prosesində lazımlı vəsait kimi mühüm əhəmiyyətə malikdir.

Bu dərs vəsaitində isə təqdim olunan xalq mahnılarının not yazıları və aranjimanı bəstəkar Cavanşir Quliyevə məxsusdur ki, bu da həmin mahnı melodiyalarının müasir dövrdəki ifaçılıq versiyasını əks etdirir. Texniki cəhətdən karaoke - hər hansı populyar mahnının fonoqram altında oxunmasına əsaslanır ki, bu da kompüterin monitorunda və ya televiziya ekranında mahnının mətnindəki sözlərin musiqinin ritminə uyğun olaraq işıqlandırılması ilə müşayiət olunur.

Dərs vəsaitindəki DVD məhz bu prinsiplə hazırlanmışdır. Burada Üzeyir Hacıbəylinin iki romansı və 30 xalq mahnısının karaoke oxunması bir neçə yolla təqdim olunur:

1.Karaoke mətn, musiqi və vokal müşayiətilə;

2.Karaoke mətn və musiqi ilə, vokalın müşayiəti olmadan;

3.Mahnının musiqisi. Mahnının mətni və notu (kanto) isə kitabçada çap olunmuşdur.

Beləliklə, müxtəlif variantlarda mahnıların səsləndirilməsi, poetik və not mətnlərinin göstərilməsi onların daha mükəmməl mənimsənilməsinə şərait yaradır.

Eyni vaxtda mahnının musiqisini eşitmək, mətnini görmək və notlarını izləmək onu daha dərindən qavramağa və asanlıqla yadda saxlağa kömək edir. Dərs vəsaitinə daxil olunan Ü.Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları Azərbaycanın görkəmli müğənnisi Bülbülün ifasında səsləndirilir.

Xalq mahnıları isə xanəndələr Babək Niftəliyevin, Qoçaq Əsgərovun, İlahə Fədanın və Fədayə Laçının ifasında təqdim olunur. Onlardan 12 xalq mahnısını İlahə Fəda, 11 xalq mahnısını Fədayə Laçın, 2 xalq mahnısını Babək Niftəliyev, 4 xalq mahnısını Qoçaq Əsgərov oxumuşdur. 1 mahnı duet şəklində İlahə Fəda və Babək Niftəliyev tərəfindən ifa olunmuşdur. Bununla da əvvəlcə professional ifaçılıq versiyasını eşidib, sonra mahnının özünəməxsus şəkildə oxunması olduqca maraqlı bir prosesdir.

Məktəblilər üçün radio və televiziya ekranlarından tanıdıqları peşəkar müğənnilərlə "birlikdə oxumaq şansı"nı əldə etmələri, onların musiqi ifaçılığına daha məsuliyyətlə yanaşmasını, eləcə də musiqi mədəniyyətinə marağın artmasını təmin edir.

Beləliklə, Azərbaycan xalq mahnılarının göstərilən metodika əsasında karaoke oxunaraq mənimsənilməsi müasir təhsil prosesinin zəruri tələbləri sırasından olub, böyük əhəmiyyətə malikdir.

Müasir texnologiyalar vasitəsilə Azərbaycanın mədəni sərvətlərinin qorunması və gələcək nəsillərə ötürülməsi, Azərbaycan xalqının mədəni irsi ilə bağlı aktual maarifçilik və təhsil problemlərinin həlli, respublikanın əhalisi arasında mədəni maarifçilik sahəsində yeni didaktikanın tətbiqi üçün texniki vasitələrin işlənilməsi milli musiqi mədəniyyətimizin inkişafı baxımından önəmlidir.

Eyni zamanda, dərs vəsaiti beş dildə - rus, ingilis, fransız, alman, ispan dillərində təlimatla təchiz olunmuşdur ki, bu da təbliğat məqsədi daşıyaraq, Azərbaycan milli musiqisinin xarici ölkələrdə tanıdılmasına xidmət edir.

Müxtəlif millətlərə mənsub insanların azərbaycan dilini öyrənmək həvəsinin, Azərbaycan musiqisi ilə bağlı marağının təmin edilməsi məqsədilə klassik romansların və xalq mahnılarının karaoke oxunması əvəzsiz bir vasitədir.

Daha geniş mənada, bu dərs vəsaitinin əhəmiyyətini informasiya daşıyıcılarından istifadə edərək, Azərbaycan xalqının mədəniyyətinin dünya birliyinə çatdırılması prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirə bilərik. Əlbəttə ki, azərbaycan dilinin tətbiqi sahələrinin genişləndirilməsi, yaxın və uzaq xaricdəki Azərbaycan diasporasının informasiya tələbatının təmin edilməsi bizim ən vacib vəzifələrimizdən biridir.

İnanırıq ki, qeyri-adi emosional təsir gücünə malik olan milli musiqimiz gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayaraq, mənəviyyatını zənginləşdirəcək.

Professor, Tariyel MƏMMƏDOV