english |
russian |
spanish |
france |
german |
İDEYANIN MÜƏLLİFİ VƏ ELMİ REDAKTORDAN
Azərbaycanda ilk dəfə olaraq, yeni metodika əsasında, məşhur xalq mahnılarının və klassik pomansların karaoke oxunması vasitəsilə onların mənimsənilməsini nəzərdə tutan dərs vəsaiti (DVD və məlumat kitabçası) hazırlanmışdır.
Müasir qloballaşma dövründə xalqların dünya mədəniyyətinə, elm və təhsil sahələrinə inteqrasiyası prosesində milli musiqinin özünəməxsus simasının qorunması, müxtəlif millətlərdən olan insanların Azərbaycan musiqisinə marağının artırılması, milli musiqinin dünyada təbliğinin genişləndirilməsi, bununla yanaşı, həm respublika daxilində, həm də yaxın və uzaq xaricdə yaşayan azərbaycanlı gənclərdə öz ana dilində xalq mahnılarını oxumaq vərdişlərinin inkişaf etdirilməsi bu günün ən aktual problemlərindəndir.
Azərbaycan xalq mahnılarının karaoke oxunması bilavasitə gənclərin musiqi zövqünün yüksəldilməsinə, xalqın mədəni sərvətlərinə qayğıkeş münasibətin aşılanmasına, həmçinin, onların milli şüurunun, vətənpərvərlik ruhunun yüksəldilməsinə istiqamətlənmişdir.
Bu da Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunması yollarından biridir. Bu nəşrin əsas məqsədi tədris prosesində müasir informasiya texnologiyalarından istifadə olunmasından, ümumtəhsil məktəblərində musiqi təhsilinin səviyyəsinin yaxşılaşdırılmasından, respublikada musiqi maarifçiliyinin genişləndirilməsindən ibarətdir.
Xalq mahnılarının və klassik romansların karaoke oxunması Azərbaycan musiqisinin müxtəlif millətlərin nümayəndələri arasında təbliği baxımından böyük əhəmiyyətə malik olub, Azərbaycanla maraqlanan və azərbaycan dilini öyrənən insanlar üçün zəruri vasitədir. Belə bir vəsaitdən istifadə olunması Azərbaycan diaspora cəmiyyətlərinin fəaliyyətində milli musiqinin tanıdılması üçün vacibdir.
Dərs vəsaitinə xalq arasında geniş yayılmış və çox sevilən, bütün yaş nəslinə mənsub insanlar, xüsusilə gənclər tərəfindən asan qavranılan 30 xalq mahnısı daxildir. Məcmuəyə, həmçinin, dahi bəstəkar, XX əsr Azərbaycan musiqi mədəniyyətinin memarı, peşəkar bəstəkar yaradıcılığının bünövrəsini qoymuş Üzeyir Hacıbəylinin iki romansı da daxil edilmişdir və dərs vəsaiti onun 125 illik yubileyinə həsr olunmuşdur.
Xalq mahnısını çox dəyərləndirən, onu musiqi mədəniyyətimizin təməl daşı hesab edən Üzeyir Hacıbəyli Azərbaycanda ilk dəfə olaraq, xalq mahnılarını notlaşdırmış və onlardan bəstəkar yaradıcılığında istifadə yollarını göstərmişdir. Üzeyir Hacıbəylinin ənənələrinin davamı olaraq, bu dərs vəsaitində xalq mahnılarının daha dərindən mənimsənilməsi üçün onların not yazıları təqdim olunur. Karaoke – mahnı ifaçılığında yeni bir təmayüldür. Məlum olduğu kimi, musiqi və oxuma qədim dövrlərdən bir çox xalqların, o cümlədən azərbaycanlıların mədəniyyətinin mühüm hissəsini təşkil etmişdir, insanlar biri asudə vaxtlarında bir yerə yığışaraq, rəngarəng musiqi alətlərinin müşayiəti altında mahnı oxuyaraq, əylənmişlər.
Bu günə kimi də mahnı oxumaq müxtəlif peşə sahibləri və müxtəlif inkişaf səviyyəsinə malik olan bir çox insanların asudə vaxtlarının sevimli məşğuliyyəti kimi qalmaqdadır. Lakin bizim günlərdə, səsyazma texnikasının və informasiya texnologiyalarının yüksəlişi dövründə insanlar karaoke altında oxumağı öyrəndilər. Texniki cəhətdən karaoke – hər hansı populyar mahnının fonoqram altında oxunmasına əsaslanır ki, bu da kompüterin monitorunda və ya televiziya ekranında mahnının mətnindəki sözlərin musiqinin ritminə uyğun olaraq işıqlandırılması ilə müşayiət olunur.
Təqdim olunan DVD məhz bu prinsiplə hazırlanmışdır. Azərbaycan xalq mahnılarının və klassik pomansların karaoke oxunmasından ibarət DVD diskin və kitabçanın nəşri müasir dövrdə musiqi təhsili prosesində informasiya texnologiyalarının tətbiqinə əsaslanan ilk təcrübədir.
DVD-də karaoke oxumanın mənimsənilməsi bir neçə yolla təqdim olunur:
1.Karaoke mətn, musiqi və vokal müşayiətilə;
2.Karaoke mətn və musiqi ilə, vokalın müşayiəti olmadan;
3.Mahnının musiqisi. Kitabçada mahnıların mətni və notu (kanto) çap olunmuşdur.
Beləliklə, eyni vaxtda mahnının və ya romansın musiqisini eşitmək, mətnini görmək və notlarını izləmək onu daha dərindən qavramağa və asanlıqla yadda saxlağa kömək edir və sonradan karaoke oxuma zamanı daha sərbəst davranmağa şərait yaradır. Dərs vəsaitinə Üzeyir Hacıbəylinin XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin sözlərinə yazdığı "Sənsiz" və "Sevgili canan" romansları Azərbaycanın görkəmli müğənnisi Bülbülün ifasında daxil edilmişdir.
Məcmuədəki xalq mahnıları isə tanınmış peşəkar xalq mahnı ifaçıları - xanəndələr Babək Niftəlievin, Qoçaq Əsgərovun, İlahə Fədanın və Fədayə Laçının ifasında təqdim olunur. Dərs vəsaitinin istifadəçiləri üçün bu, olduqca maraqlı bir proses olub, tanıdıqları peşəkar müğənnilərlə "birlikdə oxumaq şansı"nı verir, onların ifaçılıq maneralarını izləyərək, təcrübə qazanmaq imkanı yaradır. Bu da əsasən gənclərin musiqi ifaçılığına daha məsuliyyətlə yanaşmasını, eləcə də musiqi mədəniyyətinə marağın artmasını təmin edir.
Beləliklə, milli musiqinin ən gözəl nümunələrinin karaoke oxunması insanların şüuruna və qəlbinə qeyri-adi emosional təsir gücünə malik olaraq, gənc nəslin təlim-tərbiyəsində, bədii zövqünün inkişafında və mənəviyyatının zənginləşməsində mühüm rol oynayır, eləcə də Azərbaycan musiqi mədəniyyətinin dünyada təbliğinə rəvac verir.
Professor, Tariyel MƏMMƏDOV