Azərbaycan bəstəkarlarının elə mahnıları var ki, onlar kiçikdən-böyüyə hamının dillər əzbərinə çevrilmişdir. Biz bu mahnıları eşidərək, oxuyaraq böyümüşük. İndi də onları böyük həvəslə dinləyirik, bəzən nostalji hisslərdən təsirlənirik. Məlumdur ki, mahnı bədii-estetik təsir gücünə, tez qavranılmasına görə ən çox sevilən janrdır. Mahnı musiqi sənətinin həcmcə ən kiçik və sadə janrı olsa da, bu janrda bizim bəstəkarlarımız böyük şedevrlər yaratmışlar ki, onları musiqi xəzinəmizin inciləri adlandırmaq olar.
Eyni zamanda, mahnı bizim musiqinin bəlkə də ən problemli janrıdır, çünki müasir dövrdə məhz mahnı musiqi işbazlarının əlində bir alətə çevrilib və bu insanlar öz zövqsüz "mahnıları" ilə musiqi mədəniyyətimizə, insanların estetik hisslərinə ziyan vururlar. Əlbəttə, biz çalışmalıyıq ki, ən gözəl mahnılarımızı qoruyaq və onları gələcək nəsillərə ötürək. Bu, bizim mənəvi borcumuzdur.
Azərbaycan bəstəkarlarının mahnılarını çox sevən, musiqiyə, şeirə qarşı çox hissiyyatlı olan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığına mühüm əhəmiyyət verərək deyirdi ki, «Dinləyicilərin xoşuna gələn yaxşı mahnı az deyildir. Lakin bununla birlikdə elə mahnılar vardır ki, nə musiqisi yadda qalır, nə də sözləri. Mahnı musiqidə ən kütləvi janrdır. Buna görə də ona daim ciddi fikir verilməlidir. Bütün mahnılar yaxşı olmalıdır, xalqın qəlbinə və şüuruna yol tapmalıdır».
Mahnı yaradıcılığı haqqında dahi rəhbərimizin dediyi həmin ibrətamiz fikirlər musiqi həyatımızın ən çətin və aktual problemlərini önə çəkir. Buna görə də biz təqdim olunan bu dərs vəsaitini bəstəkar mahnılarının karaoke oxunmasına həsr etmişik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "təhsil əsri" adlandırılan XXI əsrdə, müasir qloballaşma dövründə bütün dünyanın təhsil sistemində yeni tipli bilik bazasının formalaşması problemi ilə bağlı olaraq, ölkənin təhsil sisteminin modernləşməsini vacib amil saymış və təhsil sahəsində çalışan bütün mütəxəssislərin diqqətini bu məsələyə yönəltmişdir.
Müstəqil Azərbaycanın çiçəklənməsi naminə qarşıya qoyulan vəzifələr və görülən işlər, təbii ki, cəmiyyətin bütün üzvlərindən böyük məsuliyyət tələb edir və biz də özümüzü bu məsuliyyətdən kənarda hiss etmirik. Hətta böyük fəxrlə qeyd etmək istərdik ki, bu istiqamətdə bəzi uğurlu addımlarımız da olub. Əlbəttə ki, təhsil prosesindəki bu günkü tələblərə cavab verən belə bir nəşrin musiqi ictimaiyyətinə təqdim olunması bizim üçün çox önəmlidir.
Burada Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan dövlətimizin başçısı İlham Əliyevin müdrik əməllərinin və şəxsiyyətinin tərənnümü ilə yanaşı, Vətənimizin böyüklüyünün, qüdrətinin, gözəlliklərinin təsviri, analarımızın zərif surətinin, insan qəlbinin ən incə duyğularının təcəssümü öz əksini tapmışdır.
Professor, Fərhad BƏDƏLBƏYLİ