Qeyd etmək lazımdır ki, müasir qloballaşma dövründə xalqların dünya mədəniyyətinə inteqrasiyası sayəsində milli musiqi mədəniyyətinin özünəməxsus simasının itirilməsi təhlükəsi ilə qarşılaşırıq.
Xüsusilə uşaq və gənclərin əksəriyyəti öz ana dilimizdə xalq mahnılarımızı oxuya bilmədikləri halda, xarici musiqiyə böyük maraq göstərirlər və hətta mənasını başa düşmədikləri musiqi nümunələrini həvəslə oxuyurlar.
Bu da təbii ki, onların vətənpərvərlik hisslərini məhv edir, gələcək nəsillərə də mənfi təsir göstərir. Bunun bir səbəbi milli-mənəvi dəyərlərimizin təbliğindəki və musiqi maarifçiliyindəki zəif cəhətlərlə bağlıdırsa, digər bir səbəbi də xalq mahnılarının müasir informasiya texnologiyalarından istifadə edərək mənimsənilməsi metodikasının işlənilməməsi ilə əlaqədardır.
Bu boşluğun aradan qaldırılması isə çox vacibdir və gələcək nəslin milli ruhda tərbiyəsi sahəsində mühüm əhəmiyyət kəsb edir.
Sonda bir daha bu dərs vəsaitindən istifadə edəcək hər bir kəsə - kiçikdən böyüyə, hamıya Azərbaycanımızın adını uca tutmağı, vətənimizin zəngin sərvətlərini, mədəniyyətini qorumağı və gələcək nəsillərə ötürməyi, onu dünyada tanıdıb qürurlanmağı arzu edirəm. Biz azərbaycanlılar buna qadirik.
Professor, Fərhad BƏDƏLBƏYLİ