Elmi redaktordan


<<< Əsas səhifə



 

Azərbaycan poeziyasının min illəri aşan əzəmətli tarixində iri həcmli əsərlər də, bir qəzəl, yaxud bir qoşma da layiqli yer tutur.

İçində poeziyamızın ən qədim örnəkləri olan "Kitabi Dədə Qorqud" da, Nizaminin "Xəmsə"si də, Füzulinin "Divanı" və "Leyli və Məcnun"u da, Sabirin "Hophopnaməsi" də ədəbiyyatımızın həm bədii siqləti, həm də həcmi etibarilə möhtəşəm sərvətləridir.

Amma dörd misradan ibarət bayatılarımız da, yaxud XIX əsr şairəsi Ağabəyim ağanın


Əfsus ki, yarım gecə gəldi, gecə getdi
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi

- beyti də poeziya xəzinəmizin dəyərli incilərindəndir. "Karaoke: Azərbaycan klassik poeziyası. Yüz şairin yüz şeiri" adlanan bu dərs vəsaiti də ədəbiyyatımızın belə dəyərli incilərini özündə cəmləşdirən və yeni texnologiyalara əsaslanaraq yetişən nəsillərimizə çatdıran bir poeziya antologiyasıdır. Bu antologiya üçün qədimlərdən bu günə qədər yüz klassik və çağdaş şairimizin hərəsindən yalnız bir şeir seçdik.

Şərqdə poeziya çələnglərini bəzən "Güldəstə" adlandırırlar. Bizim "Güldəstəmizdə" hər şair bir güllə, bir şeirlə təmsil olunur.

Bu, bizim milli mədəniyyətimizin gözəlliyini tərənnüm edən bir nəşrdir və əminəm ki, gənclərimizin mənəviyyatını daha da zənginləşdirəcək, eyni zamanda, xalqımızın milli mədəni sərvətlərini dünyada tanıdan, dilimizi, ədəbiyyatımızı dünya xalqlarına da sevdirən bir vəsaitə çevriləcək.

ANAR